Xəbər > Ana şeirləri, Vahid Çəmənlin şeirleri > Can deyən dilinə qurbanam, ana!

Can deyən dilinə qurbanam, ana!


8-12-2015, 09:07. Yerləşdirildi: Vahid Çəmənli
Mən səni səslədim, mənə can dedin,
Can deyən dilinə qurbanam, ana!
Odlu ürəyini sən qurban dedin,
Odlu ürəyinə qurbanam, ana!

Deyirdin, nə zaman yaşa dolarsan,
Boyuna baxaram mənsə doymadan.
Gəlib baxacaqsan söylə bəs haçan?
Baxan gözlərinə qurbanam, ana!.

Qədrin bilmədiyim o əllərindən,
İstərəm, yüz dəfə öpüm indi mən.
Başımı sığalla, oxşa yenidən,
Zərif əllərinə qurbanam,ana!

"Ağıllı ol"- dedin hər zaman mənə,
Hər şeyi duymağı öyrətdin mənə,
Məni qərq elədin məhəbbətinə,
Saf məhəbbətinə qurbanam,ana!

Ey gözümün nuru, bir mənə bax sən,
Oğlun heç çıxmayıb öyüdlərindən,
Onu amal edib yaşamışam mən.
Gözəl sözlərinə qurbanam, ana!

Sən qurban olardın mənə həmişə,
İndi yox! Qocalam, saça dən düşə,
Əllərim əlinə bir də yetişə,
Mən sənin qurbanın olaram, ana!

Vahid Çəmənli.
Şer 1973-cü ildə yazılıb.

Geri qayıt