Xəbər > Ana şeirləri > Ana (İslam Qədirli)

Ana (İslam Qədirli)


26-07-2016, 18:26. Yerləşdirildi: İslam Qədirli
Ana, məzarına baş əyirəm mən,
Sənsən qibləgahım, məkkəm, mədinəm,
Ana, qəm yüküylə doludur sinəm,
Nələr çəkdiyimi bilməyirsən sən!
Ana, yaşayırsan, ölməmisən sən!

Neçə neçə dağlar vardı sinəndə,
Ağlayırdın bizə laylay deyəndə,
Hamı qəh-qəh çəkib, deyib, güləndə,
Güləndə ürəkdən gülməmisən sən!
Ana, yaşayırsan, ölməmisən sən!

Həm ana olmusan, həm mənə bacı
Xərclədin gəncliyi sən yavaş-yavaş,
Bir an gözlərindən qurumayıb yaş,
Hələ göz yaşını silməmisən sən,
Ana, yaşayırsan, ölməmisən sən!

Ağladım ağladın, güləndə güldün,
Sən mənim ömrümdə qızıl bir güldün,
Fərəhi, sevinci mənimlə böldün,
Kədəri mənimlə bölməmisən sən,
Ana, yaşayırsan, ölməmisən sən!

Ağlaram, anacan, istərəm səni,
Daima qəlbimdə bəslərəm səni,
Qara gecələrdən səslərəm səni
Nurlu günəşimsən, sönməmisən sən!
Ana, yaşayırsan, ölməmisən sən

Geri qayıt