Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта
Reklam 170x560 (0517101296)
loading...
Reklam 170x560 (0517101296)
loading...
Sevgi » Vahid Çəmənlin şeirleri » Xocalının son ünü

Xocalının son ünü

18-07-2016, 13:53
Müəllif: Vahid Çəmənli
Baxış sayı: 695
Şərhlər: 0
Çap etmək
loading...
poema

Günəş batır asta-asta...
Soyuq fevral günəşinin şəfəqləri
Parıldayır göy üzündə.
Topa-topa,
qıpqırmızı bulud üzür,
Mavi səma dənizində.
Üzücü bir sükut çöküb,
Qarabağın dağlarına.
Elə bil ki, dünya dönüb,
O əminlik çağlarına.
Səngərlərdə
Döyüşçülər narahatdı,
Xocalıda
Belə sükut olmamışdı
Neçə vaxtdı.
Üz söykəyib tüfənginin
Buz tək soyuq qundağına,
Yola baxır Arif kişi.
Neçə gündü, o dayanır
Xocalının keşiyində,
Neçə gündü vücudunu
Parçalayır soyuq səngər.
Getmək olmaz...
Yatmaq olmaz...
Yağı düşmən məkrlidir,
Hamı bilir, bu məlunlar
Necə qara fikirlidir.
Onunkudur,
Beş-on addım aralıda,
O, ev-eşik.
Evdə colum-cocuqları,
Son gecəni
Barı rahat yatsın deyə,
Arif kişi çəkir keşik.
Neçə ildi,
Gözlərinin yağı ilə bəsləyir o,
Bir cüt oğul balasını,
Onlar hələ cocuq ikən
İtirmişdi anasını.
Onlara həm ata idi,
Həm anaydı Arif kişi,
Öyrənmişdi hər bir işi.
Paltarların özü yuyar,
Ütülərdi,
Yeməklərin bişirərdi,
Yedirərdi, içirərdı,
Dərslərini öyrədərdi...
Bir söz ilə
Olsa idi
uşaqların hər nə dərdi,
Sinəsini o gərərdi.
Qoymaz idi uşaqları
Korluq çəkə bir sarıdan,
Geyimində, yeməyində,
Qoymaz idi
Bu anasız uşaqları
Fərqlənəydi analıdan.
O düşünür:
Yağı düşmən quduzlaşıb,
Hər gün yeni fitnə salır,
Hər gün bir kənd,
Bir qəsəbə,
Cəlladların hücumuna məruz qalır.
Xocalının dörd yanını
Çoxdan sarıb yağı düşmən,
Ağdam yolun çoxdan kəsib,
Nə gələn var, nə də gedən...
O düşünür:
“Səhər tezdən,
Lazımdı ki, uşaqları
Sakit yerə köçürüm mən...”
Bu ümidlə geyinib o,
Öz əsgərlik libasını,
Ciyərinə çəkə-çəkə
Soyuq fevral havasını,
Xəyalında
Bakıyacan yola salır
Bir cüt körpə balasını.
İndi onun son ümidi
Əlindəki ov silahı...
Bax beləcə,
Öz evinin keşiyində,
Şirin-şirin ümidlərlə
Açacaqdı o sabahı.
Düşüb soyuq səngərinə
Oturur o,
Buz tək soyuq torpaq üstə.
Göyə baxır:
Qarabağın göylərində
Qıpqırmızı bulud üzür
dəstə-dəstə.
Bir siqaret qoyur Arif
Dodaqları arasına,
Kibritin son dənəsini
O çəkərkən ehtiyatla
Nəm qutunun qarasına,
İşıq düşür hər tərəfə,
Əvvəl-əvvəl elə bilir,
Bu son kibrit dənəsiydi
İşıq saçan dörd bir yana,
təəccüblə İstəyir ki,
Səngərindən o boylana,
Birdən-birə
Gecənin daş sükutunu
Dəhşətli səs parçalayır,
Hər tərəfdən Xocalıya
İşıq saçan dolu yağır.
Yer titrəyir,
Göy titrəyir,
Atəş aça-aça gələn
Tank səsindən,
Evlər yerlə yeksan olur,
Toplarının mərmisindən.
Donmuş torpaq parçalanır
Mərmilərin qəlpəsindən.
Aman Allah, bu nə dəhşət,
Fəryad səsi
Yeri dəlir,
Göyü dəlir,
Yağı düşmən
Öz evində, eşiyində
Sakit yatan
Qocaların,
Qadınların,
Körpələrin üzərinə,
Tankla gəlir,
Topla gəlir.
Tırtıllarla əzib keçir səngərləri,
Arxasınca
Avtomatlı, qranatlı,
Qan tökməyə həris olan
Qəddar düşmən əsgərləri...
Quduz düşmən
Od yağdırır
Küçələrdə fəryad edən
İnsanların üzərinə.
Yarıçılpaq qadın, qoca,
Uşaq, böyük pərən-pərən
Səpələnib
Xocalının küçəsinə,
Neçələri tuş gələrək
Mərmilərin qəlpəsinə,
Al-qırmızı
qan içində çabalayır,
İnsanların fəryadından
Yer ağlayır,
Göy ağlayır...
Arif baxır öz evinə,
Heyrət edir gördüyünə.
Aman Allah,
evi alov içindədir.
Uşaqları dəli kimi
Ata-ata deyə-deyə,
Bilmir qaça hansı yana.
Bir anlığa Arif kişi
Bir daş kimi
Donub qalır öz yerində,
Siqareti, ov tüfəngi
Yerə düşür əllərindən.
Bədənini basır onun
Buz kimi tər,
Boğazını kilidləyir
Acı qəhər.
Elə bil ki, ağır bir yük
Asılıbdır ayağından,
Ha qışqırır, ha çağırır,
Kəlmə çıxmır dodağından.
Hər tərəfdən
Güllə yağır səngərlərə,
Arif kişi dönüb baxır,
Səngərdəki əsgərlərə,
Səngərlərdən
gəlir tək tük güllə səsi,
Yaralanan əsgərlərin
Ah-naləsi...
Puçur-puçur tər tökülür,
Onun soyuq bədənindən,
Öz-özünə sual verir:
“Bu tankları,
Bu topları
Hardan aldı yağı düşmən?
Axı onlar deyirdilər,
O tərəfdən döyüşənlər
Bizim kimi kəndçilərdi.
Bəs bu ordu-
Əliyalın,
Sadə, fəqir insanların
Üzərinə hardan gəldi?”


Müəllifən:
Bu sualın cavabını,
Tapmaq, belə deyil asan.
Neçə ildi,
Fitnələrin pəncəsində
İnildəyir Azərbaycan.
Neçə ildi,
Qəzetlərdə, kitablarda,
Məktəblərdə, bağçalarda,
Neçə ildi,
Beyinlərdə, şüurlarda,
Bu amansız döyüş gedir,
Neçə ildi,
Yağı düşmən yer üzünü
Yalanlarla zəhərləyir!
Neçə ildi Avropada,
Asiyada, Amerikada,
Gizli-gizli məclislərdə
Nə planlar hazırlanır?
Bu məkrli planlarda,
Artıq təkcə Qarabağ yox,
Azərbaycan parçalanır.
Neçə illər Içimizdə
Yaşayaraq,
Əlimizdən yem alaraq,
Gizli-gizli pul yığaraq,
Silahlandı yağı düşmən.
Üzümüzə gülə-gülə,
Dad elədi əlimizdən,
Haray çəkdi dörd bir yana:
“Öldürdülər, yandırdılar
Hamımızı,
Yığılmışıq daha cana,
Bir çarəmiz qalıb ancaq,
Biz birləşək Hayastana!”
Nə yazıq ki, o zamanlar
Yatmışdıq fil qulağında,
Yeyib-içib kef edirdik,
Biz Şuşada,
Sərin İsa bulağında.
Nə yazıq ki, anlamırdıq,
Bu torpağa
Başqa gözlə baxaq gərək,
Ayıq olaq,
Cavab verək
Onların hər fitnəsinə,
İnanmayaq hiyləsinə,
Anlamadıq,
Qarabağın
Keşiyində duraq gərək...
Sovetlərin
Saxta qardaş birliyiylə
Aldatdılar,
Altdan-altdan iş gördülər,
Üzümüzə gülə-gülə,
Başımızı piylədilər,
Düz qatdılar aşımıza,
Bir anlayan olmadı ki,
Nələr gələr başımıza
Dərs olmadı
Min doqquz yüz beşinci il!
Dərs olmadı,
Nələr çəkdi millətimiz,
Min doqquz yüz on səkkizdə
Dərs olmadı,
Nələr çəkdik,
Otuzuncu illərin o
Sərt-amansız pəncəsində
Xainlərin donosuyla
Soyqırımlar törədildi
Qədim Odlar ölkəsində.
Şaumyanlar,
Mirzəyanlar,
Mikoyanlar,
Mən nə bilim,
Daha neçə-neçə yanlar,
Bolşevizmin
Al-qırmızı maskaslna bürünərək,
Aldı neçə-neçə canlar?
Əvəzləyə-əvəzləyə
Bir birini,
İlan kimi altdan-altdan
Canımıza yeridirdi zəhərini.
Zaman-zaman unuduldu
Tariximin səhifəsi.
İndi bu gün
Qarabağda baş verənlər,
Neçə illik soyuqluğun
ən acı bir nəticəsi...




Bir anlığa Arifin də
Xəyalından keçdi nələr?
Əlçatmaz bir arzu oldu
Xəyalında yaşatdığı
Sakit səhər.
Görəndə ki, əlindəki
Avtomatla
Oğulların nişan alır
Bir erməni,
Qıcıyaraq dişlərini
Bircə anda
Cocuqların harayına yetişdi o,
Yalın, iri əlləriylə
Düşməninin boğazından
Yapışdı o.
Yerlərində donub qalan
Uşaqlara hayqırdı o,
-Qaçın, qaçın, balalarım,
Dayanmadan,
Meşəliyə tərəf qaçın.
Qaçın, gedin
Saxlayaram onları mən,
İndi alıb
Bunun murdar canını mən,
Yetirərəm özümü sizə.
Dayanmadan qaçın, gedin...
...O düşmənin
boğazını buraxmadı,
Övladları gözlərindən
Itənəcən.
Sonra baxdı
Artıq çoxdan
canı çıxmış düşməninə,
Aman Allah, bu Surendi,
Həmən Suren,
Qapısında,
Qarşısında
Yalmanırdı dünənəcən.

-Lənət sizin zatınıza...
Düşməninin
Mənfur, murdar sifətinə
Tüpürdü o,
Sonra onun çiynindəki
Avtomatı götürdü o,
Qaça-qaça
Yetirdi o
Özünü öz səngərinə
Güllələri
Dolu kimi yağdırdıqca
Düşmənlərin üzərinə,
Şimşək kimi gurlayırdı:
“Alın, alın
Ay iblislər,
Alın, alın payınızı.
Hamınızın bircə-birsə
Kəsəcəyəm soyunuzu.
Qarabağın dağlarından,
Düzlərindən
Siləcəyəm hamınızı”
Dəli kimi hayqırdıqca
Güc gəlirdi ürəyinə...
Birdən odlu bir ox batdı
Elə bil ki, kürəyinə,
Əlindəki avtomat da,
Ona elə ağır gəldi.
Sinəsindən qopub gələn
Bir ah səsi
Sanki dağı-daşı dəldi.
Gördü, nəfəs ala bilmir,
Dizi üstə yerə çökdü,
Gözlərini cocuqları
Qaçıb gedən yola tikdi:
-Yəqin indi cocuqlarım
Ağdamdadı,
Yəqin indi cocuqlarım
Amandadı...
Sonra baxdı
Göy üzündə parıldayan
Tək ulduza,
Düşündü o:
Fevral bitir,
Çilə çıxır,
Nə qaldı ki, canım, yaza?
Bu il yəqin bitər dava,
Güc toplayar ordumuz da,
Qan uddurar bu quduza.
Toy-bayramlar
Sevindirər elimizi,
Cocuqlarım dönüb gələr
Xocalıya,
Biz təzədən
Tikərik öz evimizi...


... Allahin da,
İnsanlıqdan gecə-gündüz
Ağzı-burnu
Köpüklənə-köpüklənə
Danışan Avropanın da,
Gözlərinin qabağında
Nalə-fəqan
Ərşə qədər yüksəlirdi.
Bu arada,
Buz tək soyuq səngərində,
Özlərinə insan deyən
Vəhşılərin
Törətdiyi fəlakətə baxa-baxa,
Sinəsindən
Qara-qara qanlar axan
Bir əsgər də
Can verirdi...


Vahid Çəmənli.

1-15 iyul 2016
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: